logo

Pakistanda prezident seçkiləri başa çatıb

17:48 04-09-2018 | icon 2653
Pakistanda prezident seçkiləri başa çatıb

Pakistanda ölkənin 13-cü prezidentinin seçilməsi prosesi başa çatıb.

YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, Pakistanın Mərkəzi Seçki Komissiyası səsləri hesablamağa başlayıb. Səsvermə yerli vaxtla səhər saat 10:00-dan 16:00-dək federal parlamentdə və 4 əyalət məclisində keçirilib. Seçkinin nəticələrinin bu gün axşam saatlarında elan olunacağı gözlənilir.

Prezident seçkilərində üç namizəd - hakim “Pakistan Ədalət Hərəkatı” partiyasının banilərindən biri və parlamentin aşağı qanad üzvü Arif Alvi, “Pakistan Xalq Partiyası”ndan Aitizaz Ahsan, həmçinin bir neçə müxalifət birliyinin nümayəndəsi - “Birləşmiş Aksiya Hərəkatının” lideri Mövlanə Fazl-ur-Rahman mübarizə aparır.

Səsvermə Federal parlamentin aşağı və yuxarı palatalarından, həmçinin ölkənin 4 əyalətinin qanunverici yığıncaqlarından olan 1174 deputat və senatordan ibarət xüsusi seçənlər kollegiyasının iştirakı ilə keçirilib.

Qeyd edək ki, “Pakistan müsəlman liqası” partiyasını təmsil edən hazırkı prezident Məmnun Hüseyn dövlət başçısı postuna namizədliyini yenidən irəli sürməkdən imtina edib. Onun səlahiyyətləri sentyabrın 9-da sona çatacaq.