logo

“SOCAR PETROLEUM”un vəzifəli şəxsinin məhkəməsi başlayır

11:44 09-06-2023 | icon 1708
“SOCAR PETROLEUM”un vəzifəli şəxsinin məhkəməsi başlayır

“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus 3 saylı Sabirabad Neft Terminalı Bazasının direktoru Bayram Bağırovun qanunsuz əməlləri barədə baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib  ki, istintaqla Bayram Bağırovun həmin vəzifədə işləyərkən rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə rəhbərlik etdiyi müəssisəyə etibar edilmiş ümumilikdə 274 min manatdan çox məbləğdə benzin və dizel yanacağını mənimsəməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

İş üzrə toplanmış sübutlar əsasında Bayram Bağırova Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq dövründə vurulmuş ziyanın bir hissəsinin ödənilməsi təmin edilib.