logo

DÇ-2022:Avstraliya Tunis yığmasını məğlub edib-1:0

17:17 26-11-2022 | icon 2149
DÇ-2022:Avstraliya Tunis yığmasını məğlub edib-1:0

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

YeniAvropa xəbər verir ki, günün ilk oyununda - D qrupunda Tunis yığması Avstraliya ilə qarşılaşıb. Görüş Avstraliya komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın yeganə qolunu 23-cü dəqiqədə Mitçell Dyuk vurub.

Bu qrupda digər oyun saat 20:00-da Fransa və Danimarka yığmaları arasında keçiriləcək.

Daha sonra C qrupunda saat 17:00-da Polşa - Səudiyyə Ərəbistanı, saat 23:00-da Argentina - Meksika qarşılaşmaları olacaq.

Dünya çempionatı ilk dəfədir Yaxın Şərqdə təşkil edilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundiala isə 48 yığma qatılacaq.

Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. Dünya çempionatında ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla səkkiz qrupda mübarizə aparır.

Çempionluq uğrunda mübarizədə əvvəllər qalib olmuş səkkiz komandadan yeddisi iştirak edir. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digərləri qızıl medala namizədlər hesab olunur.