logo

Azərbaycan dünya dini liderlərinin tədbirində təmsil olunur

11:55 08-10-2024 | icon 1001
Azərbaycan dünya dini liderlərinin tədbirində təmsil olunur

Oktyabrın 8-də Qazaxıstanın paytaxtı Astana şəhərində Dünya və Ənənəvi Dinlər Liderləri Qurultayı Katibliyinin XXII iclası işə başlayıb.

YeniAvropa xəbər verir ki, Katibliyin iclasında 20 ölkədən, o cümlədən Azərbaycan, Vatikan, Böyük Britaniya, Misir, İsrail, Hindistan, İran, Qətər, Çin, Koreya, Monqolustan, BƏƏ, Pakistan, Portuqaliya, Rusiya, Səudiyyə Ərəbistanı, Tailand, İsveçrə, Yaponiya və Qazaxıstandan 30-a yaxın dini lider və beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.

Katiblikdə Qazaxıstanın müsəlman, pravoslav, katolik, lüteran, iudaizm kimi din və təriqətlərini təmsil edən dini birliklərinin rəhbərləri təmsil olunurlar.

XXII Katibliyin platformasında Dünya və Ənənəvi Dinlər Liderləri Qurultayının 2023-2033-cü illər üçün İnkişaf Konsepsiyası müddəalarının yerinə yetirilməsi, həmçinin Gənc Dini Liderlərin I Forumunun təşkili ilə bağlı məsələlər müzakirə olunur.

Mənəvi diplomatiya imkanlarının inkişafına təkan vermək üçün Dünya və Ənənəvi Dinlər Liderləri Qurultayının xoşməramlı səfirlərinin statusu haqqında Əsasnamə qəbul ediləcək və bu vəzifəyə yüksəkvəzifəli şəxslər təyin ediləcək.

XXII Katibliyin prioritet missiyalarından biri 2025-ci ilin payızında keçiriləcək Dünya və Ənənəvi Dinlər Liderlərinin VIII Qurultayının plenar iclasının keçiriləcəyi tarixi və yeri, habelə panel iclasların mövzularını müəyyən etməkdir.