logo

Azərbaycanda Mərkəzi Bankın yaranmasından 105 il ötür

12:24 30-09-2024 | icon 1834
Azərbaycanda Mərkəzi Bankın yaranmasından 105 il ötür

Bu gün Azərbaycanda Dövlət Bankı fəaliyyətə başlamasının 105 ili tamam olur.

YeniAvropa xəbər verir ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməyinə başmayaraq  dövlətçilik atributlarının əksəriyyətinin yaradılmasına nail ola bildi. Azərbaycanın dövlət bayrağı, himni, dövlət gerbi yaradıldı və təsdiq edildi,  Azərbaycan vətəndaşlığı təsis edildi, milli ordumuz yaradıldı. Müasir respublika idarəetmə modelinə uyğun parlament və 15-dək nazirlikdən ibarət olan Nazirlər Kabineti formalaşdırıldıb Birinci Dünya müharibəsindən miras qalmış ağır siyasi və sosial-iqtisadi böhranı aradan qaldırmaq məqsədilə Cümhuriyyət hökuməti tərəfindən vergi-büdcə, pul tədavülü, mülkiyyət münasibətləri, xüsusilə torpaq islahatları, məşğulluğun təmin edilməsi və sair sahələri əhatə edən geniş islahat paketi reallaşdırılıb. Bütövlükdə 200-dək qanun layihəsi işlənib parlamentə təqdim edildi və onların xeyli hissəsi təsdiqləndi.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı dövlətçilik atributlarından biri də milli pul nişanları və müstəqil mərkəzi bank idi. 1919-cu il martın 7-də hökumətin qərarı ilə Azərbaycan Dövlət Bankının təşkil edilməsi təklifi bəyənildi. 1919-cu il sentyabrın 16-da Parlament Nizamnaməni təsdiq etdi, sentyabrın 30-da isə bankın təntənəli açılış mərasimi oldu və Azərbaycan Dövlət Bankı fəaliyyətə başladı.

Azərbaycan Dövlət Bankı yaradıldıqdan cəmi 7 ay sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Lakin bu qısa müddət ərzində Azərbaycan Dövlət Bankı mərkəzi bankçılığın başlıca elementlərini yaratmağa nail oldu. İlk növbədə, müstəqil dövlətçiliyin əsas atributlarından biri olan milli pul nişanları dövriyyəyə buraxıldı. İlk kağız pullar 10, 25, 50, 100, 250 və 500 manatlıqlar idi. Milli valyutanın dönərliliyini təmin etmək məqsədilə Dövlət Bankı digər valyutaların mübadilə məzənnəsini də müəyyənləşdirirdi.

Bank mərkəzi bankçılığın digər funksiyalarını da yerinə yetirirdi. Bu funksiyalardan biri ticarət, sənaye və kənd təsərrüfatına kreditlər vermək idi. “Banklar bankı” olan Azərbaycan Dövlət Bankı, eyni zamanda, ölkədə mövcud olan kredit təşkilatlarının fəaliyyətinə nəzarət edirdi.

Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ Maliyyə Komissarlığının 1920-ci il 31 may tarixli əmri ilə Azərbaycan Dövlət Bankı Xalq Bankı adlandırıldı, ölkədəki bütün banklar və digər kredit təşkilatları milliləşdirilərək onun tərkibinə qatıldı və bank sektoru dövlətin müstəsna inhisarına keçdi. 1922-ci ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının yaradılmasından sonra Zaqafqaziya vahid pul sisteminə keçildi. Lakin Sovet İttifaqının ilk illərində qeyri-adekvat iqtisadi siyasət nəticəsində dərin böhran baş verdi, yüksək inflyasiya pul nişanlarını kəskin dəyərsizləşdirdi.

1923-cü ildə SSRİ Dövlət Bankının yaradılması ilə əlaqədar onun Bakı bölməsi də təsis edildi. 1936-cı ilin dekabrında qəbul edilmiş SSRİ Konstitusiyasına görə Azərbaycan SSRİ tərkibinə “suveren” respublika kimi daxil oldu. Bundan sonra SSRİ Dövlət Bankının Azərbaycan Kontoru yaradıldı və 1991-ci ilin sonuna kimi fəaliyyət göstərdi. Lakin Kontor müasir və müstəqil mərkəzi bankçılıq modelindən tamamilə uzaq idi, yalnız mərkəzdən gələn tapşırıqların yerinə yetirilməsi ilə məşğul olurdu.

XX əsrdə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan az sonra - 1992-ci ilin fevralında Azərbaycan Milli Bankı adı altında Mərkəzi Bank təsis edildi.