Dairə Seçki Komissiyası (DSK) 70 saylı Neftçala dairəsindən deputatlığa namizəd Vəfa Nağıyevanın müraciətini araşdırıb.
YeniAvropa xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 13-də keçirilən iclasında Komissiya üzvü Ramiz İbrahimov deyib.
Onun sözlərinə görə, namizəd V.Nağıyeva seçki dairəsi üzrə 23 seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılmasını xahiş edib. Namizəd şikayətində səsvermə günü müşahidəçilərə maneələr yaradıldığını deyib, seçki qutularına bülletenlərin dəstə ilə atıldığını, səslərin səsvermə otağından kənarda sayıldığını bildirib.
Müraciətə 86 videogörüntünü və 49 protokolun şəklini əks etdirən elektron informasiya daşıyıcısı da əlavə edilib. Namizəd Vəfa Nağıyevanın iddiaları araşdırılıb.
R.İbrahimov bildirib ki, DSK-da seçki nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar müəyyən edilməyib. Buna görə də Vəfa Nağıyevanın müraciəti qismən təmin edilməlidir. Beləliklə, onun namizəd olduğu seçki dairəsi üzrə 24, 27, 34, 35, 48 və 49-cu seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılır.