AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
YeniAvropa Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın yeni mövsümünün I turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
Mövsümün açılış oyunu olan “Araz-Naxçıvan” – “Qarabağ” matçı bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə Naxçıvan klubu 800 manat cərimə edilib. Həmçinin “qırmızılar”ın futbolçuları avtobusa rahat daxil ola bilmədiklərinə görə naxçıvanlılar 500 manat ziyana düşüblər. Ağdam təmsilçisinin üzvü Elvin Cəfərquliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “köhlən atlar” isə 500 manat cərimə ödəyəcək.
“Neftçi” – “Turan Tovuz” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “ağ-qaralar” 1500 manat ziyana düşüb.
“Sumqayıt” – “Kəpəz” oyununda PFL Əsasnaməsinin tələblərinə əməl edilmədiyinə görə ev sahibi olan klub 500, eləcə də oyun günü planı pozulduğu üçün isə 15000 manat məbləğində cərimələnib.