logo

Ukrayna 15 min məhbusu orduya cəlb edəcək

12:52 11-07-2024 | icon 1750
Ukrayna 15 min məhbusu orduya cəlb edəcək

Ukraynanın hakimiyyət orqanları əvvəllər imzalanan qanun layihəsi çərçivəsində təxminən 15 min məhkumu ordu sıralarına cəlb etməyi planlaşdırır.

YeniAvropa xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Ukraynanın ədliyyə naziri Denis Malyuskaya istinadla məlumat yayıb.

“İlkin mərhələdə təxminən 5 min məhbusun orduya çağırılacağı gözlənilir ki, əlverişli şərtlər altında bu rəqəm üç dəfə artıq ola bilər”, - deyə Denis Malyuska bildirib. Onun sözlərinə görə, indiyədək Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq istəyini bildirən 5,2 min məhbusdan 2 min 872 nəfəri ordu sıralarına cəlb olunub.

“Məhkumların səfərbər edilməsi haqqında” qanun layihəsi mayın 17-də Volodimir Zelenski tərəfindən imzalanıb. Layihə azadlıqdan məhrum edilmiş şəxslərin törətdikləri əməllərdən asılı olaraq səfərbərlik və ya hərbi vəziyyət dövründə hərbi xidmət müqabilində şərti azadlığa buraxıla biləcəyini nəzərdə tutur.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi təcavüzünün başladığı 2022-ci il fevralın 24-dən ölkədə hərbi vəziyyət rejimi qüvvədədir. Volodimir Zelenski fevralın 25-də ümumi səfərbərlik haqqında fərman imzalayıb. Qanuna əsasən, hərbi vəziyyət dövründə 18-60 yaşarası kişilərin ölkədən çıxışı qadağan edilib, hərbi xidmətdən yayınanlara isə beş ilədək həbs cəzası müəyyən olunub.