İslamofobiyanın artması tendensiyasına baxmayaraq, Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib.
YeniAvropa “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Britaniyanın Müsəlman Şəbəkəsinin məlumatına görə, parlamentin aşağı palatası olan İcmalar Palatasına 2019-cu ildə 19 müsəlman seçildiyi halda, son seçkilərdə bu rəqəm 25-ə çatıb. Bu deputatların 18-i Leyboristlər Partiyası, dördü müstəqil, ikisi Mühafizəkarlar Partiyası, biri isə Liberal Demokratlar Partiyasının namizədidir.
Agentlik qeyd edir ki, müsəlman seçicilərin Qəzzaya dəstəyi səsverməyə əhəmiyyətli dərəcədə təsir edib və beş müstəqil namizəd, o cümlədən dörd müsəlman parlamentdə yer qazanıb.
Böyük Britaniyada 3,4 milyon müsəlman yaşayır. Seçkilərin bu nəticələrinin ölkənin siyasi mənzərəsində əhəmiyyətli bir mərhələ olduğu və müsəlman icmalarının artan müxtəlifliyinə, habelə Londonun siyasətinə təsirini əks etdirdiyi bildirilir.