logo

İranda prezident seçkilərinin ikinci turu başlayıb

10:50 05-07-2024 | icon 2310
İranda prezident seçkilərinin ikinci turu başlayıb

İranda yerli vaxtla saat 08:00-da prezident seçkilərində səsvermənin ikinci turu başlayıb.

YeniAvropa xəbər verir ki, səsvermə prosedurunun başlandığını İranın daxili işlər naziri Əhməd Vahidi elan edib. Ölkənin ali dini lideri Əli Xamneyi birinci səs verib.

Ənənəyə görə, Xamneyi səsvermədə birinci iştirak etməklə İran vətəndaşlarına nümunə olur. O, bülleteni qutuya qoyduqdan sonra əhaliyə müraciət edərək, onları ikinci turda daha fəal səs verməyə çağırıb.

Seçkilərin ikinci turunda 69 yaşlı islahatçı, sabiq səhiyyə naziri Məsud Pezeşkiyan və İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, 58 yaşlı mühafizəkar Səid Cəlili mübarizə aparırlar. İyunun 28-də keçirilən birinci turda Pezeşkiyan və Cəlili müvafiq olaraq 44 faiz və 40 faiz səs toplayıb. Seçkilərdə iştirak 40 faiz təşkil edib ki, bu da İslam respublikasının 45 illik tarixində ən aşağı göstəricidir.

İkinci tur ərəfəsində keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 52 faizi Məsud Pezeşkiyana, 48 faizi isə Səid Cəliliyə səs verməyə hazır olduğunu bildirib.