Tarif Şurası "Aİ-92" benzinin qiymətini qaldırdı
Aidiyyəti beynəlxalq qurumlar və ictimaiyyət tərəfindən ekoloji mühitin qorunması, nəqliyyat emissiyalarının azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışlar artır. Azərbaycanda yanacağın keyfiyyətinin yüksək standartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işləri həyata keçirilir, bu sahəyə investisiya xərcləri artır. Ölkəmizdə AVRO-5 standartına tam uyğun olaraq istehsal olunan dizel yanacağının və Aİ-92 benzininin maya dəyərinin yüksəlməsi bu məhsulların satış qiymətlərinin artırılmasını zəruri edir.
Bununla bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 2024-cü il iyunun 29-da keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib.
YeniAvropa xəbər verir ki, bu barədə Tarif (qiymət) Şurasının Katibliyindən məlumat verilib.
Bildirilib ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.
Dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb. Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Statistikaya əsasən, son illərdə Azərbaycana avtomobil idxalında elektrik mühərrikli avtomobillərin sayı artır. Yanacağın keyfiyyətinin yüksəldilməsi öz növbəsində nəqliyyat vasitələrinin təmirinə çəkilən xərcləri azaldaraq istismar müddətini uzadacaq.
Yumşaq tarif keçidinə baxmayaraq, psixoloji amil səbəbindən tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcək.
Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil. Əksər ölkələrdə artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır, dizelin daha yüksək ekoloji zərərinə görə istehlakının azaldılması məqsədilə qiyməti bahalaşdırılır. Dünya səviyyəsində böyük istehsalçılar “premium” markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçidi sürətlə davam edir. Avropa İttifaqında benzin və ya dizel mühərrikli (karbon-neytral sintetik yanacaqla (e-yanacaq) işləyən avtomobillər istisna olaraq) yeni avtomobillərin istehsalı və qeydiyyatının dayandırılması istiqamətində tədbirlər həyata keçirilir.
Dayanıqlı inkişafı hədəf götürmüş Azərbaycanda nəqliyyatın strukturu bu istiqamətə uyğunlaşdırılır.
İclasda bərk məişət tullantılarının idarə edilməsi üzrə tariflərə də baxılıb.
Bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması, ölkədə kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Ölkəmizdə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sahəsinə dövlət büdcəsindən subsidiyalar ayrılır. Çünki bu sahə üzrə ödənişlər xidmətlə bağlı xərcləri qarşılamır. Həmçinin tariflərin aşağı səviyyədə olması bu sahəyə özəl sektorun marağını azaldır.
Bununla əlaqədar olaraq daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə texniki təchizat və zərərsizləşdirmə xidmətinin səviyyəsi nəzərə alınmaqla yeni tariflər aşağıdakı kimi təsdiq edilib.
Bərk məişət tullantılarının yığılması və daşınması xidməti üzrə:
Bakı şəhərində:
-Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 1 manat (ƏDV daxil).
-Qeyri-əhali qrupu üzrə - 1 kubmetr üçün 15 manat və ya 1 ton üçün 68,30 manat (ƏDV daxil).
-Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kubmetr üçün 3,60 manat və ya 1 ton üçün 16,40 manat.
Digər regionlarda:
-Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 0,70 manat (ƏDV daxil).
-Qeyri-əhali qrupu üzrə - 1 kubmetr üçün 12 manat və ya 1 ton üçün 54,60 manat (ƏDV daxil).
-Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kubmetr üçün 2,50 manat və ya 1 ton üçün 11,50 manat.
Hazırda bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi zənciri üzrə xidmətin maya dəyəri ƏDV ilə birlikdə kubmetrlə 25 manat, tonla isə 114 manat təşkil edir. İndiyədək son tarif tənzimlənməsindən ötən 13 il ərzində tullantıların yığılması, daşınması üçün nəqliyyat vasitələri yenilənmiş, şəhər və qəsəbələrdə tullantıların saxlanılması və çeşidlənməsi məqsədilə konteynerlər yerləşdirilmişdir.
Məlumat üçün qeyd edək ki, əhali istehlakçı qrupu tarifləri Rusiyada 9 manat/kubmetr, Qazaxıstanda 2 manat/nəfər/ay, Gürcüstanda 1,6 manat/nəfər/ay, Belarusda 7-8,3 manat/kubmetr təşkil edir. Qeyri-əhali istehlakçı qrupu tarifləri isə Rusiyada 16-20 manat/kubmetr, Qazaxıstanda 7 manat/kubmetr, Gürcüstanda 9,5 manat/kubmetr, Belarusda 8,4-16,6 manat/kubmetr arasında dəyişir.
Yeni tarif tənzimləməsi dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, dövlət büdcəsindən asılılığı azaldacaq, abonentlərin uçotunun və xidmət haqlarının yığımının təşkilini stimullaşdıracaq və özəl sektorun bu sahəyə marağını təşviq edəcək.
İclasda idxaldan asılılığın aradan qaldırılması, rəqabət qabiliyyətli məhsulların ixracının stimullaşdırılması üzrə dövlətin iqtisadi siyasəti nəzərə alınaraq, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisinin tarifi tənzimlənib. Alüminium sənayesində olduğu kimi bu sahəyə də gecə və gündüz tarifi tətbiq ediləcək.
Həmçinin iclasda yeni dövlət qeydiyyatına alınan 115 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə 62 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərarlar 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.
Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial orqandır. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Tarif (qiymət) Şurasının sədri, maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, elm və təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Şuranın üzvləridir.
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
Ərdoğandan dünya müharibəsi ehtimalı ilə bağlı xəbərdarlıq
Fransa səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb
UEFA Avropa Liqası:“Qarabağ”-“Lion” matçına 13 min bilet satılıb