logo

1,7 milyondan çox aksiz markasız tütün məmulatı aşkarlanıb

14:14 30-04-2024 | icon 1477
1,7 milyondan çox aksiz markasız tütün məmulatı aşkarlanıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən aksiz markasız tütün məmulatlarının idxalı və həmin məhsulların istehlak bazarında satışı hallarının qarşısının alınması istiqamətində birgə nəzarət tədbirləri davam etdirilir.

YeniAvropa Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Əməliyyat idarəsinin və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində Bakı şəhərinin Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən anbarda qanunsuz şəkildə aksiz markasız tütün məmulatlarının saxlanması halları aşkar edilib.

Həyata keçirilən operativ nəzarət tədbiri zamanı həmin ünvanda aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış malların saxlanıldığı və satışının həyata keçirildiyi müəyyənləşdirilib. Aparılan araşdırmalarla təsərrüfat subyektinin Abbasov Səbahi Cəfərqulu oğluna məxsus olduğu aydınlaşdırılıb. S. Abbasovun vergi orqanında uçotuna durmadan qanunsuz sahibkarlıqla məşğul olduğu da müəyyən edilib.

Nəzarət tədbiri zamanı külli miqdarda satışa hazır aksiz markasız 23 növdə “Cavallo”, “Platinium”, “Milano” markalı tütün məmulatları aşkarlanıb. Aşkar edilmiş ümumilikdə 1 milyon 762 min 600 ədəd tütün məmulatı protokol əsasında götürülüb.

Hazırda faktla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır.