logo

Paytaxtdakı “Kremlin Hall” şadlıq sarayı havanı çirkləndirir

10:50 24-04-2024 | icon 1554
Paytaxtdakı “Kremlin Hall” şadlıq sarayı havanı çirkləndirir

Paytaxtın Xətai rayonunun Lütfizadə küçəsində fəaliyyət göstərən “Kremlin Hall” şadlıq sarayından havaya tüstü və iy-qoxunun yayılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları monitorinq və araşdırma aparıblar.

Xidmətin rəsmisi Qafar Ağayev YeniAvropa-ya  bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyənləşdirilib: “Araşdırma zamanı həmin obyektdə təmizləyici qurğunun quraşdırılmasına baxmayaraq, ona vaxtaşırı xidmət göstərilmədiyi, filtrlərin vaxtında dəyişdirilmədiyi səbəbindən havaya normadan artıq tullantı atıldığı məlum olub. Faktla bağlı “Kremlin Hall” şadlıq sarayının rəhbəri Elçin Qubadov barəsində qanunamüvafiq tədbir görülüb və filtrlərin dəyişdirilməsi üçün ona məcburi göstəriş verilib”.

Qafar Ağayev qeyd edib ki, ölkə ərazisində son 10 gün ərzində keçirilən monitorinqlər və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Neptun”, “Meridian Park”, “Leyla Palace”, “Kaman House”, “İmperial”, “Gold Baku”, “Qala Qapısı”, “Köhnə Ciyərxana”, “Fontan”, “Cənnət Gəncə” ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində akt, protokol tərtib olunub.

Q.Ağayev restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etmələri, havaya normadan artıq tullantı atılmasına yol verməmələri barədə çağırış edib. Əks halda qanun pozucularına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən qanunamüvafiq tədbirlər görüləcək.