logo

Gürcüstan parlamentinin komitə sədri Milli Məclisdə olub

17:54 22-04-2024 | icon 1162
Gürcüstan parlamentinin komitə sədri Milli Məclisdə olub

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan parlamentinin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri David Sonqulaşvili ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə dost ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlərin inkişafından razılıq ifadə edilib.

Sahibə Qafarova ortaq mədəni dəyərləri bölüşən xalqlarımızın əsrlər boyu bir yerdə, dostluq, mehriban qonşuluq şəraitində yaşadıqlarını qeyd edərək, ölkələrimiz arasındakı əlaqələrin də bu möhkəm təmələ əsaslandığını deyib.

Bildirilib ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və davamlı şəkildə inkişaf edir. Ölkələrimiz arasında münasibətlərin inkişafında ali və yüksək səviyyəli səfərlərin mühüm rolu qeyd olunub. Vurğulanıb ki, ölkə liderlərinin qarşılıqlı səfərlərinin dinamikası onların bu əlaqələrə nə dərəcədə böyük əhəmiyyət verdiyini sübut edir.

Parlamentlərarası əlaqələrin Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm tərkib hissələrindən biri olduğunu bildirən Milli Məclisin sədri qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulduğunu diqqətə çatdırıb. Parlament sədrlərinin, nümayəndə heyətlərinin, dostluq qruplarının qarşılıqlı səfərləri bu əməkdaşlığın inkişafına mühüm təkan verib. Həmçinin qanunverici orqanların komitələri arasında da yaxşı əməkdaşlıq təcrübəsinin formalaşdığı qeyd olunub.

Bildirilib ki, Azərbaycanla Gürcüstan arasındakı əməkdaşlıqda iqtisadi məsələlərin vacibliyi nəzərə alınaraq, qanunverici orqanlarımızın iqtisadi komitələri arasında əlaqələrin gücləndirilməsi həm parlamentlərimiz, həm də daha geniş mənada dövlət qurumlarımız arasında əməkdaşlığın daha da genişləndirilməsinə imkan yaradacaq.

David Sonqulaşvili Azərbaycanda növbədənkənar prezident seçkilərinin ölkəmizin bütün suveren ərazilərində uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb. O, iki ölkə arasında əlaqələrin inkişafında qanunverici orqanların mühüm rolunu qeyd edib.

Görüşdə Qərbdə bir sıra beynəlxalq təşkilatlarda mövcud olan ikili standartlar tənqid edilib, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsinin zəruriliyi vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.