Aprelin 23-dən 26-dək Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək.
Mədəniyyət Nazirliyindən YeniAvropa-ya bildirilib ki, tədbir dost və qardaş qırğız xalqının zəngin mədəni irsinin Azərbaycanda təbliği baxımından əhəmiyyətli hadisədir.
Azərbaycan-Qırğızıstan münasibətləri həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əlaqələr kontekstində ildən-ilə dərinləşir. Dövlət başçılarının siyasi iradəsi və birgə səyləri ilə ölkələrimiz arasında siyasi-iqtisadi sahədə olduğu kimi, mədəniyyət əlaqələri dinamik şəkildə inkişaf edir. Ayrı-ayrı sənət adamlarının, yaradıcı kollektivlərin qarşılıqlı səfərləri, eləcə də müştərək mədəniyyət layihələri həyata keçirilir.
Zəngin proqramı olan mədəniyyət günləri çərçivəsində Qırğızıstan incəsənət ustalarının qala-konserti, qırğız kinosu günləri, ölkənin dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələrinin nümayişi planlaşdırılır.