logo

Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək

12:02 19-04-2024 | icon 2072
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) Bakıda keçiriləcək 29-cu Sessiyasından sonra Türk Dövlətləri Təşkilatının (TDT) diplomatiya akademiyalarının toplantısı nəzərdə tutulur.

YeniAvropa xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin aprelin 19-da keçirilən iclasında deyib.

Türk dövlətləri arasında əlaqələrin getdikcə intensiv xarakter aldığını vurğulayan S.Seyidov əlavə edib: “Hazırda Qırğızıstanın Bişkek şəhərində TÜRKPA-nın xətti ilə iqtisadiyyat və mədəniyyət komitələrinin toplantısı keçirilir. Təbii ki, bu, təsadüfi deyil. May ayında isə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın və TBMM-in Milli müdafiə komissiyasının sədri Hulusi Akarın təşəbbüsü ilə Türkiyə Böyük Millət Məclisində TDT-yə üzv ölkələrin parlamentlərinin müdafiə komitələrinin iştirakı ilə konfrans keçiriləcək. İyun ayının əvvəlində üzv ölkələrin parlament sədrlərinin Bakıda toplantısı planlaşdırılır.

Gələn həftə TDT-yə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısının də nəzərdə tutulduğunu diqqətə çatdıran komitə sədri cari ilin iyul ayında Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının sammitinin təşkilini mühüm hadisə kimi dəyərləndirib.