Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçiriblər.
DİN-in mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakini Rəşad Adıgözəlov və tanışı Ağakərim İsmayılov Abşeron rayonu ərazisində saxlanılıblar.
Onlardan və Masazır qəsəbəsində narkoanbar kimi istifadə etdikləri evdən 24 kiloqram, o cümlədən 20 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 2 kiloqram heroin və 2 kiloqram psixotrop maddə metamfetamin aşkar edilib. R.Adıgözəlov və A.İsmayılov narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Babək” adlı şəxsin tapşırığı ilə Binəqədi rayonunun Xocahəsən qəsəbəsi ərazisində gizlədilən ünvandan əldə etdiklərini bildiriblər. Saxlanılan şəxslər narkotikləri pul əvəzində paytaxtda müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imişlər.
Faktla əlaqədar cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.