“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Şövkətbəy Mustafayev, İlkin Rüstəmov, Rövşən Əmirxanlı və Nihad Səlimlinin ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Nihad Səlimli sağlamlıq əleyhinə, Şövkətbəy Mustafayev, İlkin Rüstəmov və Rövşən Əmirxanlının isə mülkiyyət əleyhinə olan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyənləşdirildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul olunub və onlar istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.
Həmin şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.