NATO-nun Baş katibi vəzifəsinə namizəd Mark Rutte yaxın vaxtlarda Türkiyəyə səfər edəcək. NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı 2025-ci ildə Türkiyədə keçiriləcək.
YeniAvropa xəbər verir ki, bunu xarici işlər naziri Hakan Fidan Brüsseldə NATO-ya üzv ölkələrin XİN başçılarının növbəti görüşündən sonra mediaya açıqlamasında söyləyib.
Səfər çərçivəsində ABŞ Dövlət katibi Antoni Blinken başda olmaqla, bir çox dövlət rəsmisi ilə ikitərəfli görüşlər keçirdiyini deyən Hakan Fidan bildirib ki, iki gün davam edən toplantının əsas mövzularından biri də terrorla mübarizə olub.
Görüşdə Türkiyənin terrorla mübarizədə qətiyyətliyini bir daha vurğuladığını ifadə edən nazir Brüsseldəki çıxışından sitat gətirib: “Xüsusilə terrorla mübarizədə NATO-ya üzv ölkələr Türkiyəni tam və qeyd-şərtsiz dəstəkləməli və Türkiyənin yanında olmalıdır. NATO-ya üzv olan bəzi ölkələr, xüsusilə Suriyada olduğu kimi, terror təşkilatları ilə əməkdaşlıq etməməlidir. Bu, alyansın ittifaq ruhuna ziddir”.
Son zamanlar PKK terror təşkilatı üzvlərinin Avropada türklərə və Türkiyənin diplomatik nümayəndəliklərinə hücumlarının artdığını xatırladan Hakan Fidan hazırda Avropanın uzun illər terror təşkilatlarına səssiz qalmasının məyusluğunu yaşadığını, lakin bu ölkələrdə terrorla mübarizə məsələsinin getdikcə daha həssas hal almasının sevindirici olduğunu vurğulayıb.