logo

Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüşüb

18:18 29-03-2024 | icon 1834
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüşüb

Martın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pavel Knyazev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki,görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, habelə regionda cari vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərin regional və beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. Həmçinin bir sıra beynəlxalq platformalarda əməkdaşlığın perspektivləri ətrafında müzakirə aparılıb.

Qarşı tərəf cari ildə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində ölkəmiz tərəfindən aparılan danışıqlar prosesi, habelə görülən hazırlıq işləri barədə məlumatlandırılıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyətdən, Azərbaycanın regionda sülh və quruculuq səylərindən bəhs edən nazir Ceyhun Bayramov sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımların, o cümlədən regiondan uzaq yerləşən dövlətlərin öz birtərəfli mövqelərini bölgəyə proyeksiya etmək cəhdlərinin prosesə maneə törətdiyini bildirib.

Bu istiqamətdə aprelin 5-də keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransının bu cür qeyri-şəffaf və inklüziv olmayan mühitdə təşkili ilə bağlı ölkəmizin mövqeyinin, habelə bu kimi təşəbbüslərin revanşist əhvali-ruhiyyənin hökm sürdüyü Ermənistanı yeni təxribatlara təşviq edə biləcəyi ilə bağlı narahatlıqlarımızın aydın şəkildə ifadə olunduğu vurğulanıb.

Mövcud çətinlik və çağırışlara baxmayaraq, ölkəmizin regional sülh və sabitliyin təmini istiqamətində fəaliyyətini davam etdirmək əzmində olduğu diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.