logo

Yanğın səbəbindən 60 uşaq 6 tibb mərkəzinə təxliyə edilib

15:55 09-01-2024 | icon 14350
Yanğın səbəbindən 60 uşaq 6 tibb mərkəzinə təxliyə edilib

Respublika Perinatal Mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı TƏBİB tərəfindən xəstələrin dərhal təxliyəsinə başlanılıb. 60 uşaq TƏBİB-in tabeliyində olan 6 tibb müəssisəsinə təxliyə olunub. Həmin uşaqların yanıq xəsarəti və ya tüstüdən boğulma diaqnozları yoxdur.

YeniAvropa xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov jurnalistlərə açıqlamasında deyib.

"Respublika Perinatal Mərkəzi üçüncü səviyyəli doğum tibb müəssisəsidir. Buradakı uşaqlar ya vaxtından əvvəl doğulanlardır, ya da öncədən yanaşı gedən patologiyaları olan uşaqlardır. Təxliyə ilə bağlı hansısa ağırlaşma faktı baş verməyib. Hazırda vəziyyətləri stabildir.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun tapşırığına əsasən, həm Respublika Perinatal Mərkəzinin həkimləri, həm də TƏBİB-in aidiyyəti struktur bölmələrinin əməkdaşları həmin tibb müəssisələrinə göndəriliblər. Xəstələrin vəziyyəti tam nəzarətdədir. İstər dərman preparatları, istər avadanlıq, istərsə də onların qidalanması baxımından heç bir problemimiz yoxdur və müalicələri davam edir".