FIFA-nın prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün qalibi olan “Qarabağ”ı çempionluq münasibətilə təbrik edib.
YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ali futbol qurumunun rəhbəri milli assosiasiyanın yeni prezidenti Rövşən Nəcəfə ünvanladığı məktubda Ağdam təmsilçisinə xoş sözlərini çatdırıb.
O, Azərbaycan çempionunu təbrik etməkdən məmnun olduğunu bildirib:
“Qarabağ”ın mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.
Hörmətli AFFA prezidenti, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, tezliklə yenidən görüşməyi səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, “Qarabağ” bu mövsüm ümumilikdə 11-ci çempionluğunu rəsmiləşdirib.