Martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) bəzi namizədləri bəlli olub.
YeniAvropa xəbər verir ki, namizədləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən tədbirdə elan edib.
Türkiyə prezidenti partiyasının İstanbul bələdiyyəsinin sədri vəzifəsinə sabiq ətraf mühit və şəhərsalma naziri Murat Kurumun namizədliyini irəli sürdüyünü açıqlayıb. Ərdoğan AK Partinin namizədləri məsləhətləşmə, araşdırma və qiymətləndirmədən sonra müəyyən etdiyini vurğulayaraq, partiyasının seçki bəyannaməsinin yanvarın 15-də açıqlanacağını deyib.
Dövlət başçısı 11-i böyük şəhər olmaqla 26 şəhər üzrə partiyasının namizədlərini açıqlayıb. Digər böyük şəhərlər arasından Çanaqqala bələdiyyəsinin sədri vəzifəsinə deputat Jülide İskenderoğlu, Bursa bələdiyyəsinin sədri vəzifəsinə isə Alinur Aktaş göstərilib.
Ədalət və İnkişaf Partiyası bələdiyyə seçkilərinə “Yenidən İstanbul, yenidən AK Parti” şüarı ilə qatılır.