logo

BMT-nin baş katibi İranda baş verən partlayışları pisləyib

23:34 03-01-2024 | icon 1960
BMT-nin baş katibi İranda baş verən partlayışları pisləyib

BMT-nin Baş katibi Antonio Quterreş Kirman şəhərində qəbiristanlıq yaxınlığında baş verən partlayışları kəskin şəkildə pisləyib.

YeniAvropa xəbər verir ki, bu barədə təşkilatın rəsmi ofisinin yaydığı bəyanatda deyilir.

“Baş katib İranın Kirman şəhərində anım mərasimi zamanı 100-dən çox insanın ölümü və çoxlu sayda insanın yaralanması ilə nəticələnən bugünkü hücumu qətiyyətlə pisləyir”, - deyə bəyanatda bildirilir.

A.Quterreş cinayətkarların tezliklə məsuliyyətə cəlb olunacağına inamını ifadə edib və həlak olanların ailələrinə, İran xalqına və hökumətinə başsağlığı verib, həmçinin yaralıların tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, bu gün İranın Kirman əyalətində SEPAH generalı Qasım Süleymaninin ölümünün ildönümü ilə əlaqədar matəm yürüşləri zamanı baş verən partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb. Hadisə nəticəsində yaralananların sayı isə 210 nəfəri ötüb.