logo

“Mançester Siti” klublararası dünya çempionatının qalibi olub

11:33 23-12-2023 | icon 1617
“Mançester Siti” klublararası dünya çempionatının qalibi olub

İngiltərənin "Mançester Siti" klubu klublararası dünya çempionatının finalında Braziliyanın "Fluminense" klubuna 4:0 hesabı ilə qalib gəlib. Görüş Səudiyyə Ərəbistanında baş tutub.

YeniAvropa xəbər verir ki, görüşün 40-cı saniyəsində “Mançester Siti”nin hücumçusu Julian Alvaresin vurduğu qol klublararası dünya çempionatları tarixində ən sürətli qol olub. "Fluminense"nin müdafiəçisi Nino 27-ci dəqiqədə topu öz qapısına göndərib. 72-ci dəqiqədə “Mançester Siti”nin yarımmüdafiəçi Fil Foden hesab arasındakı fərqi artırıb, 88-ci dəqiqədə isə Alvares matçın yekun qolunu vurub.

Üçüncü yer uğrunda oyunda Misirin “Əl-Əhli” klubu Yaponiyanın “Urava Red Diamonds” komandasını 4:2 hesabı ilə məğlub edib.

Beləliklə, “Mançester Siti” ilk dəfə klublararası dünya çempionatının qalibi olub. Turnirdə qalibiyyətin rekordçusu beş titul sahibi olan İspaniyanın “Real Madrid” klubudur. İngiltərə komandalarından daha əvvəl “Mançester Yunayted” (2008), “Liverpul” (2019) və “Çelsi” (2021) turnirdə qalib gəliblər.

Klublararası dünya çempionatı hazırkı formatda 2005-ci ildən bəri davamlı olaraq keçirilir və ilk turnir 2000-ci ildə baş tutub. 1960-2004-cü illərdə Avropa Çempionlar Liqasının və Cənubi Amerika Kuboku olan Libertadoresin qaliblərinin qarşılaşdığı qitələrarası kubok turnirləri keçirilib. Klublararası dünya çempionatında yeddi komanda - altı qitənin ən nüfuzlu klub turnirlərinin qalibləri, həmçinin yarışa ev sahibliyi edən ölkənin çempionu iştirak edir.

2025-ci ildən etibarən turnir dörd ildən bir 32 komandanın iştirakı ilə keçiriləcək.