Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının beşinci toplantısında iştirak etmək məqsədilə Afinada rəsmi səfərdədir.
YeniAvropa xəbər verir ki, səfər çərçivəsində Türkiyə dövlət başçısının Yunanıstan prezidenti Katerina Sakelaropoulu ilə görüşü olub. Söhbət zamanı altı ildən sonra yenidən Afinada olmaqdan məmnunluq duyduğunu bildirən Ərdoğan Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasının iki ölkə arasında yeni bir dövrün başlanğıcı olacağına inamını ifadə edib.
Səfər çərçivəsində iki dövlətin rəsmilər arasında görüşlərin keçiriləcəyini qeyd edən Rəcəb Tayyib Ərdoğan bildirib ki, məqsəd Türkiyə ilə Yunanıstan arasında ticarət həcminin 5,5 milyard dollardan 10 milyard dollara çatdırmaqdır və bununla bağlı müzakirələr aparılacaq.
Yunanıstan prezidenti öz növbəsində iki ölkə arasında ümumi müsbət siyasi iradəni inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.