Oktyabrın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(SOCAR) prezidenti Rövşən Nəcəf Dünya Bankının Avropa və Mərkəzi Asiyada enerji və infrastruktur üzrə regional direktoru Çarlz Kormier ilə görüşüb.
SOCAR-ın mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, enerji sektorunda reallaşdırılan strateji layihələrin, o cümlədən Cənub Qaz Dəhlizinin regionun iqtisadi inkişafı və Avropanın enerji təhlükəsizliyi baxımından əhəmiyyəti vurğulanıb.
Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli hədəflərindən bəhs edilib, bu xüsusda enerji keçidinin prioritet istiqamət kimi müəyyənləşdirildiyi qeyd edilib.
Tərəflər, həmçinin neft-qaz hasilatı, bərpaolunan enerji, dekarbonizasiya və rəqəmsallaşma sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.