logo

Builki bal yarmarkasında 62 tondan çox arıçılıq məhsulu satılıb

10:50 30-10-2023 | icon 1302
Builki bal yarmarkasında 62 tondan çox arıçılıq məhsulu satılıb

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 2-22 oktyabr tarixlərində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında keçirilən arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkasına 95 tondan çox arıçılıq məhsulu çıxarılıb və bu məhsulun 62 tondan çoxu satılıb. Satılan məhsulların 1,5 tonu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən YeniAvropa-ya bildirilib ki, builki bal yarmarkasında Azərbaycanın bütün iqtisadi rayonlarını təmsil edən 250 arıçı iştirak edib. İştirakçılara maksimum 400 kiloqram bal və maksimum 30 ədəd arı şanı (çərçivə) gətirmək hüququ verilib. Ümumilikdə, yarmarkada 57,6 ton çiçək və 20,5 ton cökə balı satışa çıxarılıb. Çiçək və cökə balları yarmarka dövründə satışa təqdim olunan arıçılıq məhsullarının 80 faizini təşkil edib.

Təqdim edilən bütün arıçılıq məhsulları Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriya şəraitində yoxlamadan keçirilib. Yarmarkaya yalnız keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri uyğun olan arıçılıq məhsulları buraxılıb.

Qeyd edək ki, yarmarkanın son günündə təşkilatçı qurum tərəfindən 46 arıçı keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri üzrə ən yüksək bal və arıçılıq məhsulları təqdim etdiyinə görə sertifikatla təltif olunub.