"Azərbaycan Hava Yolları” QSC (AZAL) 2022-ci ili 110,62 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, AZAL 2021-ci ildən 61,659 milyon manat xalis zərərlə çıxmışdı.
YeniAvropa xəbər verir ki, ötən il AZAL-ın daşımalar üzrə və digər gəlirləri 1 milyard 149,954 milyon manat (əvvəlki ilə nisbətən 2,3 dəfə çox), hökumətdən aldığı subsidiyalar 108,809 milyon manat (10 % çox), əməliyyat xərcləri 1 milyard 40,625 milyon manat (92,8% çox), ticarət debitor borcları və əlaqəli tərəflərdən alınacaq məbləğlər üzrə dəyərsizləşmənin barpasından gəlirləri 39,815 milyon manat (əvvəlki il zərər olub), maliyyə xərcləri 102,21 milyon manat (17,7 % çox),xarici valyuta mübadiləsindən zərəri 5,815 milyon manat (əvvəlki il gəlir olub), mənfəət vergisi ödəmələri isə 39,308 milyon manat (6,3 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə AZAL-ın aktivləri 2 milyard 241,231 milyon manat olub ki, bu da illik müqayisədə 13,9 % çoxdur. Hesabat dövrünə aviaşirkətin öhdəlikləri 5,4 % artaraq 3 milyard 013,496 milyon manata çatıb, balans kapitalının çatışmazlığı isə 13,2 % azalaraq 772,265 milyon manata düşüb.
Xatırladaq ki, AZAL 1992-ci ildə yaradılıb, ölkənin milli aviadaşıyıcısıdır. Onun nizamnamə kapitalı 823,974 milyon manatdır. Aviaşirkətin qərargahı Bakıda - Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.