Yaxın iki ay ərzində Astaraçay üzərində tikilən və İran ilə Azərbaycanı birləşdirəcək yeni körpünün açılışı mərasimi baş tutacaq.
YeniAvropa İranın İRNA dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, bu sözləri İranın yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş deyib. O bildirib ki, yeni körpü yük avtomobillərinin və insanların qarşılıqlı keçidini asanlaşdırmaqla yanaşı, iki dövlət arasında ticarət dövriyyəsinin də artmasına imkan yaradacaq.
Nazirin sözlərinə görə, yeni körpü İran ilə Azərbaycan arasındakı nəqliyyat əlaqəsinin inkişafı ilə bərabər, tranzit yükdaşımaların da həyata keçirilməsinə şərait yaradacaq ki, bu da hər iki ölkənin iqtisadiyyatına çox böyük fayda verəcək.
İranlı nazir qeyd edib ki, iş adamlarının və turistlərin gediş-gəlişini asanlaşdırmaq məqsədilə Bakı-Tehran və əks istiqamətə təyyarə reyslərinin də sayının artacağı gözlənilir. Tərəflər arasında bu barədə müzakirələr aparılıb.