logo

Zəngəzur və Qarabağda  800-dən artıq faydalı qazıntı yatağı var

12:44 26-10-2023 | icon 3080
Zəngəzur və Qarabağda  800-dən artıq faydalı qazıntı yatağı var

“Azərbaycanda dağ-mədən sektorunda fəaliyyət göstərən iri yerli şirkətlər fəaliyyət göstərir. Dağ-mədən sənayesinin yaradılması və onun fəaliyyətinin mənbəyində bilavasitə geoloji-kəşfiyyat fəaliyyəti dayanır”.

YeniAvropa xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə heyətinin sədri Əli Əliyev Beynəlxalq Geologiya Mədənçilik Forumunda deyib. O qeyd edib ki, fəaliyyətin əsas istiqamətlərini regional və yerli geoloji öyrənilmə, qara, əlvan və nəcib metalların, qeyri-filiz, yeraltı şirin və termal-mineral suların axtarış-kəşfiyyatı təşkil edir.

“Məqsədimiz ölkənin mineral-xammal bazasının zənginləşdirilməsi, onun iqtisadi qüdrətinin gücləndirilməsi və regionun aparıcı iqtisadi güc mərkəzlərindən biri kimi formalaşmasıdır.

Azərbaycan geoloji-tektonik mövqeyinə və mineral-xammalın formalaşma xüsusiyyətlərinə görə böyük potensiala malik ölkədir. Burada zəngin neft yataqları ilə yanaşı çoxsaylı dəmir, kobalt, xrom, alüminium, civə, manqan, mis, polimetallar, molibden, qızıl, mərgümüş, sürmə, qeyri-metal, yeraltı şirin və termal-mineral su və digər yataqlar kəşf edilib və ehtiyatları hesablanıb”, - deyə Ə.Əliyev bildirib.

Onun sözlərinə görə, sözügedən yataqların istismarında “AzerGold” QSC, “R.V.İnvestment, “Artvin Maden”, “Eti Bakır” və digər yerli və xarici şirkətlər çalışır.

“Hazırda ölkə miqyasında 900-dən artıq qeyri-filiz, 55 filiz, 113 şirin və termal-mineral su yataqları kəşf edilib, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul olunub.

Son araşdırmalara əsasən yalnız Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisində geniş spektrə malik 800-dən artıq təzahürlər müəyyənləşdirilib və onların perspektivliyi təsdiq edilib.

Beynəlxalq Geologiya və Dağ-mədən forumu ölkəmizdə bu sahənin inkişafında, beynəlxalq əməkdaşlığın qurulması və beynəlxalq təcrübənin qazanılmasında bir vəsilə olacaq”, - deyə o, vurğulayıb.