Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Xəzər Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb.
YeniAvropa xəbər verir ki, SOCAR-ın Baş ofisində təşkil olunan imzalanma mərasimindən öncə iştirakçılar “Azərbaycan nefti” sərgisi ilə tanış olublar.
Tədbirdə SOCAR-ın vitse-prezidenti Arzu Cavadova çıxış edərək sazişin önəmini qeyd edib. Sənədin gələcək mühəndislərin hazırlanmasına, tələbələrin neft-qaz sənayesinə marağının artmasına verəcəyi töhfələrdən bəhs edən vitse-prezident əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə edib.
Xəzər Universitetinin rektoru İradə Xəlilova tədbirin təşkilinə görə SOCAR-ın rəhbərliyinə təşəkkürünü bildirib, ölkəmizin neft sənayesinin əldə etdiyi tarixi nailiyyətləri vurğulayıb. Universitetin əsas strateji yol xəritələrindən birinin təhsil və sənaye arasında sıx əlaqələrin yaradılması olduğunu söyləyən rektor bu gün SOCAR-la əməkdaşlığın qurulması ilə bu istiqamətdə önəmli addımın atıldığını diqqətə çatdırıb.