logo

Azərbaycanda keçiriləcək ilk kiber festivalı 2 gün davam edəcək

12:54 24-10-2023 | icon 1610
Azərbaycanda keçiriləcək ilk kiber festivalı 2 gün davam edəcək

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti(XRİTDX) və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə bu il oktyabrın 26-27-də Bakı Konqres Mərkəzində keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” (“CIDC-2023”) tədbirində 2 gün ərzində informasiya təhlükəsizliyi üzrə yerli və xarici ekspertlərin iştirakı ilə 10 təqdimat və 5 panel müzakirəsi olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın ilk Kiber Festivalı olan “CIDC-2023” tədbirinə həsr edilmiş mətbuat konfransında XRİTDX-nin rəisi Tural Məmmədov deyib.

O qeyd edib ki, tədbir iştirakçıları konfransda iştirak etmək, kibertəhlükəsizlik həlləri sərgisini ziyarət etmək, virtual CTF yarışlarında iştirak edib topladıqları balları hədiyyələrə dəyişmək imkanı qazanacaqlar.

Kiberhücumların simulyasiyası ilə həyata keçiriləcək "Kibermüharibə" yarışında isə iştirakçı komandalar onlara təhkim olunmuş virtual informasiya sistemlərinin müdafiəsini quraraq verilmiş infrastrukturun kiberhücumlara qarşı təhlükəsizliyini təmin etməli olacaqlar. Həmçinin tədbir çərçivəsindı 6 müxtəlif istiqamət üzrə həm yeni başlayanlar, həm də peşəkarlar üçün “masterklass”lar keçiriləcək. İxtisasartırma təlimləri yerli və xarici ekspertlər tərəfindən keçiriləcək.

Qeyd edək ki, “CIDC-2023” tədbiri dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlararası netvorkinqin və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunur.