logo

Bakıda Xəzər İnşaat Həftəsi ilə payız sərgi mövsümünə start verilib

12:12 19-10-2023 | icon 4214
Bakıda Xəzər İnşaat Həftəsi ilə payız sərgi mövsümünə start verilib

Bakıda Xəzər İnşaat Həftəsi ilə payız sərgi mövsümünə start verilib. Xəzər İnşaat Həftəsi çərçivəsində 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh”, 28-ci Azərbaycan Beynəlxalq İnşaat - “BakuBuild” və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu - “Aquatherm Baku” sərgiləri işə başlayıb. Bu tədbirlərlə eyni tarixdə 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat - “Road&Traffic” sərgisi də təşkil edilib.

YeniAvropa xəbər verir ki, açılış mərasimində prezident İlham Əliyevin sərgi iştirakçılarına müraciəti oxunub.

 İnşaat Həftəsində iştirakçılar arasında Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Finlandiya, Fransa, İran, İspaniya, İtaliya, Hindistan, Qazaxıstan, Litva, Macarıstan, Niderland, Özbəkistan, Rusiya, Sloveniya və Türkiyədən ümumilikdə 370-dən çox şirkət yer alır. Sərgilərdə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Macarıstan, Özbəkistan və Rusiya milli və regional stendlərlə təmsil olunur.

Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olan “Rebuild Karabakh” sərgisinin məqsədi Qarabağda baş verən müsbət dəyişikliklərə diqqət çəkmək, eləcə də Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir.

“Rebuild Karabakh” sərgisi burada iştirakçı olan beynəlxalq şirkətləri Qarabağda investisiya layihələrində iştirak etməyə dəvət edir. Sərginin əsas hədəfi də Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etməkdir. Sərgidə təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır.

Qeyd edək ki, ölkəmizdə keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçıları olan “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri “Rebuild Karabakh 2021” sərgisi çərçivəsində imzalanan Anlaşma Memorandumuna əsasən həm təşkil olunduğu ilk ildə, həm də 2022-ci ildə sərgi sahəsinin satışından əldə olunan gəlirin bir qismini işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə, Qarabağ Dirçəliş Fonduna ianə edib. Hazırda bu istiqamətdə Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq davam etdirilir və 2023-cü ildə də hər bir sərgi iştirakçısı tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə məqsədilə vəsait köçürüləcək.

“Rebuild Karabakh” sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, inşaat, inşaat materialları, kənd təsərrüfatı, mədənçilik, nəqliyyat, təhlükəsizlik, yol tikintisi və infrastrukturu və bir sıra digər sektorlar üzrə təşkil edilib.

Çoxillik tarixə malik olan “BakuBuild”və “Aquatherm Baku” sərgiləri isə tikinti sənayesində innovativ məhsul və xidmətlərin ölkə bazarına çıxışı üçün şərait yaradır, qısa müddətdə hədəf auditoriyası ilə üzbəüz görüşlər keçirmək, yerində biznes qurmaq imkanı təqdim edir.

“BakuBuild” sərgisi şirkətlərin tikinti sahəsində ən son nailiyyətlərini nümayiş etdirən və ən son texnologiyaları təqdim etmək imkanı yaradan platformadır. Sərgidə ziyarətçilər tikinti proseslərini əhəmiyyətli dərəcədə təkmilləşdirə biləcək bir çox başqa texnologiyalarla tanış olurlar. “BakuBuild” müxtəlif şirkətlərin nümayəndələrini, təchizatçıları və tikinti peşəkarlarını bir dam altında birləşdirir. Ziyarətçilər yeni işgüzar əlaqələr qurmaq, potensial tərəfdaşlıqları müzakirə etmək və peşəkar şəbəkələrini genişləndirmək imkanı əldə edirlər.

Sərgidə interyer, idman məhsulları, işıqlandırma, izolyasiya sistemləri, landşaft, tikinti material və məhsulları, tikinti istehsalat və avadanlıqları və digər bölmələri əhatə edir.

Bu il yubileyini qeyd edən “Aquatherm Baku” sərgisi isə 15 ildir ki, istilik, havalandırma, hovuzlar, sauna, spa, kondisioner (HVAC), avadanlıqlar sahəsində bölgənin aparıcı peşəkar sərgisi mövqeyini qoruyur. Sərgidə hava təmizləyiciləri, kondisionerlər, radiatorlar, ventilyasiya sistemləri, istilik sistemləri, istilik izolyasiya materialları, saunalar, hovuzlar, qızdırıcılar, kompressorlar, soyuducular, çirkab (tullantı) su texnologiyaları, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, fitinqlər, boru kəmərləri, nasoslar, soyuducular və s. kimi sektorlar təqdim olunur.

“Road&Traffic” sərgisi Azərbaycanda yol infrastrukturu sahəsində ixtisaslaşmış tədbirdir. Sərgi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarının peşəkarlarının görüş yeridir. Bu sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə təcrübə mübadiləsi üçün nadir imkandır.

Xəzər İnşaat Həftəsinin işgüzar proqramı çərçivəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair tədbirlər planı üzrə panel müzakirələri, ikitərəfli biznes görüşləri (B2B) və digər tədbirlərin keçirilməsi planlaşdırılır.

İnşaat Həftəsi günlərində Bakı Ekspo Mərkəzdə sərgi ziyarətçilərinin diqqətini cəlb edəcək guşələr təşkil edilib. Mərkəzdə Şuşaya həsr olunmuş, şəhərin tarixini və mədəni dəyərlərini əks etdirən informativ stend, "Qarabağ - xalçaçılıq diyarı" guşəsində isə milli ornamentlərlə zəngin Qarabağ xalçaları nümayiş olunur. Qeyd edək ki, bu guşədə peşəkar xalçaçılar tarixi Qarabağ xalçalarını canlı olaraq toxuyacaqlar. Bundan əlavə, "Qarabağ fərqlilərin fırçasında" adlı sağlamlıq imkanları məhdud olan uşaqların iştirakı ilə sərgi keçiriləcək.

Sərgilər İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Memarlar İttifaqı, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA), eləcə də Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri tərəfindən dəstəklənir.

Xəzər İnşaat Həftəsi çərçivəsində keçiriləcək sərgilər oktyabrın 21-dək davam edəcək.