"BP"nin ofisində Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor İlqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə "BP"nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi heyət arasında görüş keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə "BP"dən bildirilib.Qeyd edilib ki, görüşdə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və "BP" şirkəti arasında əməkdaşlıq haqqında protokol və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və bp Eksploreyşn (Caspian Sea) Limited şirkəti arasında razılaşdırılmış mühafizə qaydaları” haqqında sənədlər imzalanıb.
Daha sonra nümayəndə heyəti bp-nin ofisində təhlükəsizlik nəzarət və idarəetmə sistemi və prosesləri ilə tanış olub. General-mayor İlqar Abbasov onlara təqdim olunmuş texnologiya və sistemləri yüksək qiymətləndirib.
Görüşdə, həmçinin hərtərəfli və səmərəli əməkdaşlıq, birgə fəaliyyət və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb.