logo

Azərbaycanın Yeni Nəsil İqtisadiyyatı Strategiyası hazırlanır

10:40 25-09-2023 | icon 2345
Azərbaycanın Yeni Nəsil İqtisadiyyatı Strategiyası hazırlanır

Azərbaycan Respublikasının Yeni Nəsil İqtisadiyyatı Strategiyasının hazırlanmasına başlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

O bildirib ki, 2030-cu ilədək dövlət, özəl və vətəndaş cəmiyyətini əhatə etməklə iqtisadiyyata töhfə verəcək 9 əsas layihə və bu layihələr çərçivəsində 69 fəaliyyət istiqaməti üzrə Azərbaycanda iqtisadi artımı dəstəkləmək, sektorların rəqabət qabiliyyətini artırmaq, vətəndaşların xidmətlərə çıxışını asanlaşdırmaq və dövlət xidmətlərinin fəaliyyətinin təkmilləşdirilməsini təşviq etmək üçün rəqəmsal texnologiyadan geniş istifadə olunmasını təmin etmək nazirlik qarşısında duran ən mühüm vəzifələrdən biridir. İqtisadiyyat Nazirliyi innovasiyaları, inklüzivliyi əhatə edən, onları Azərbaycan iqtisadiyyatının və cəmiyyətinin bütün aspektlərinə səmərəli şəkildə inteqrasiya edən iqtisadi artım üçün istiqamətləndirici baxışın həyata keçirilməsinə çalışır. Bu Strategiyanın reallaşdırılması yeni dövrdə Azərbaycanda biznes transformasiyasının gücləndirilməsindən tutmuş potensialın artırılmasına, 4Sİ texnologiyalarının geniş tətbiqini nəzərdə tutan model tipli müəssisənin və yeni nəsil texnoloji mərkəzin qurulmasına, Rəqəmsal əkizlərin yaradılmasına və “Lokal Generative Süni İntellekt” təşəbbüsünün həyata keçirilməsinə, sahibkarlığın təşviq edilməsinə və əlverişli infrastrukturun dəstəklənməsinə qədər bütün sahələrdə inkişafa zəmin yaradacaqdır.

“Lokal generativ süni intellekt” təşəbbüsü Azərbaycan dilini mükəmməl bilən və Azərbaycana məxsus məzmun yerləşdirilən generativ Sİ platformalarının hazırlanmasını stimullaşdırmaq məqsədi daşıyır. Təşəbbüsün məqsədi Azərbaycanın mədəni zənginliyini qorumaqla ölkədə süni intellektin tətbiqi imkanlarını artırmaq, iqtisadi artımı təşviq etmək, yeni texnologiyaya əsaslanan iş yerlərinin və sənayelərin yaradılmasını stimullaşdırmaqdır", - deyə S.Ələkbərov qeyd edib.