Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, daxil olan vətəndaş şikayəti əsasında Lənkəran rayonunun Girdəni kəndində fəaliyyət göstərən İbrahimov Əkbər Muxtar oğluna məxsus toyuq kəsimi müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı müəssisənin normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb. Obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, istehsal olunan məhsulların baytarlıq arayışlarının mövcud olmadığı və markalanması aparılmadan toyuq ətinin satışa çıxarıldığı müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, normativ sənədin tələblərinə cavab verməyən ümumi çəkisi 72 kiloqram olan 70 ədəd toyuq əti məhsulunun satışının qarşısı alınıb və müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.