“Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasından ilk hasilat quyusunu qazılmasına bu ilin oktyabrında başlanıla bilər.
YeniAvropa xəbər verir ki, bunu Energetika Nazirliyinin Səngəçal terminalına təşkil etdiyi mediatur çərçivəsində "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı bildirib.
O qeyd edib ki, yeni platformanın üst tikililərin dənizdə layihə sahəsində montajı davam etdirilir.
Xatırladaq ki, 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.