Fransada təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatı davam edir.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından (AKAF) YeniAvropa-ya verilən məlumata görə, ölkəmiz də bu yarışda təmsil olunub. Diana Dımçenko bir nəfərlik qayıqda həm Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası, həm də Bakı Avarçəkmə Kanoe İdman Klubu (BAKİ) adından çıxış edib.
O, hər iki kateqoriyada çıxışda ən yüksək mükafata sahib çıxıb. AKAF adı altında mübarizədə idmançımız təsnifat və yarımfinal mərhələsində finişə birinci çataraq A finalına vəsiqə qazanıb. Diana Dımçenko 6 kilometr məsafəyə həlledici yürüşdə ən yaxın rəqibi irlandiyalı Monika Dukarskanı 16 saniyə qabaqlayaraq (30:14.56 - 30:30.28) Azərbaycan bayrağını Fransada qaldırıb.
Bakı Avarçəkmə və Kanoe İdman Klubu adından çıxışlarda da Diana A finalına vəsiqəni təmin edib. Final yürüşündə də finişə hamıdan birinci çatan avarçəkənimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq himnimizi səsləndirib.
Qeyd edək ki, Diana Dımçenko ötən il İspaniyanın San-Sebastian şəhərində keçirilmiş sahil avarçəkməsi üzrə Avropa çempionatında da qızıl medala sahib olub.