İddialı və maraqlı qrupa düşmüşük.
YeniAvropa xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının püşkatmasını dəyərləndirərkən deyib.
Klubun rəsmi saytına danışan 51 yaşlı mütəxəssis təsnifat mərhələlərində qarşılaşdıqları komandaların təhlükəli olduqlarını vurğulayıb: “Qrup mərhələsinə qədər gəlməyimiz heç də asan deyildi. Qrupda asan rəqiblər olmur. "Bayer" top "5-lik" ölkəsinin komandasıdır. "Mölde" və "Haken" də avrokubok təcrübəsinə malik klublardır və iddialıdırlar”.
O, rəqiblərlə daha yaxından tanış olacaqlarını bildirib: “İstənilən halda, şanslarımızdan düzgün istifadə edəcəyik. Yaxşı nəticələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik. Bir sözlə, qarşıda bizi maraqlı oyunlar gözləyir".