Milli Məclis İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklərlə bağlı qərarı təsdiqləyib.
YeniAvropa xəbər verir ki, bununla bağlı qərar layihəsi parlamentin mayın 2-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Həmkarlar İttifaqı Konfederasiyası, Milli Elmlər Akademiyası və Mətbuat Şurası tərəfindən irəli sürülmüş şəxslərin 6 illik səlahiyyət müddəti 2023-ci ilin aprelində başa çatdığı üçün yeni namizədlər irəli sürülüb.
Qeyd edək ki, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2 - 17.4-cü və 17.6-cı maddələrinə əsasən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, AMEA və Mətbuat Şurasından irəli sürülən namizədlərin üzvlük müddəti 6, sahibkarlar şurası və qadın cəmiyyətləri 4, idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatlarından irəli sürülən namizədlərin isə yayım şurasına üzvlük müddəti 2 il təşkil edir.
Səsvermədən sonra Həmkarlar İttifaqları Konfederasiyasından namizəd - AHİK-in katibi, Aparat rəhbəri Cəfərov Həsən Şahhüseyn oğlu, Azərbaycan Milli Elmlər Akademiyasından namizəd - AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru Kərimli Teymur Həşim oğlu və Mətbuat Şurası İdarə Heyətinin üzvü Həsrət Azər Hacıqulu oğlu İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzv seçiliblər.