logo

Zabratda qəbirlərin dağıdılması ilə bağlı cinayət işi başlanıb

12:32 19-04-2023 | icon 1323
Zabratda qəbirlərin dağıdılması ilə bağlı cinayət işi başlanıb

Bəzi sosial şəbəkə səhifələrində Bakı şəhərində yerləşən qəbiristanlıqlardan birində qəbirlərin dağıdılmasına dair videogörüntülər paylaşılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib  ki, Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində naməlum şəxs və ya şəxslərin Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqda məzarların üzərindəki predmetlərin zədələnməsi, xatirə daşları və lövhələrin dağıdılması kimi rüsvayedici əməllərlə qəbirlər üzərində təhqiredici hərəkətlərin etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə ictimai təhlükəli əməli törətməkdə təqsirləndirilən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində intensiv tədbirlər davam etdirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.