Aprelin 18-də saat 14 radələrində Bakı şəhərinin Xətai rayonu ərazisində 1990-cı il təvəllüdlü Amilə Vəliyevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan YeniAvropa-ya bildirilib ki, ilkin araşdırma zamanı 1988-ci il təvəllüdlü Samir Əliyevin şəxsi münasibətlər zəminində keçmiş arvadı Amilə Vəliyevaya kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Samir Əliyev şübhəli şəxs qismində saxlanılıb.
İbtidai istintaq davam etdirilir.