logo

Yaxın iki gündə havada toz dumanı müşahidə ediləcək

16:46 18-04-2023 | icon 1428
Yaxın iki gündə havada toz dumanı müşahidə ediləcək

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı normadan 1.8, dəm qazı 1.7, azot-4 oksidin miqdarı Gəncə şəhərində 1.3, Sumqayıt şəhərində isə 1.2 dəfə yüksək müəyyən edilib.

Qeyd olunub ki, sinoptik vəziyyətə və toz proqnoz modellərinə əsasən havada müşahidə olunan toz transsərhəd xarakterlidir. Yaxın iki gün ərzində tozlu hava şəraitinin davam edəcəyi gözlənilir.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.