logo

Çindən Azərbaycana qrup turist səfərləri bərpa olunur

17:33 13-03-2023 | icon 1197
Çindən Azərbaycana qrup turist səfərləri bərpa olunur

Dünyanın ən böyük turist bazarı olan Çindən Azərbaycana qrup turist səfərləri bərpa olunur.

YeniAvropa xəbər verir ki, bu, Çinin Mədəniyyət və Turizm Nazirliyinin xaricə qrup turist səfərlərinin təşkili üçün təyinat məntəqələrinin sayının çoxaldılması ilə bağlı növbəti qərarından sonra mümkün olub. Martın 15-dən qüvvəyə minəcək qərara əsasən, turizm agentlikləri Fransa, İspaniya, İtaliya, Braziliya kimi populyar turizm təyinat məntəqələri daxil olmaqla 40 ölkəyə, o cümlədən Azərbaycana qrup turist səfərləri təşkil edə biləcək.

Çinin populyar onlayn səyahət platforması olan “Tongcheng Travel”in məlumatına əsasən, nazirliyin qərarı elan olunandan sonra sözügedən ölkələrə səyahət üçün axtarışlar 77 faiz, viza müraciətləri isə 4 dəfə çoxalıb.

Çindən xaricə qrup turist səfərləri 2020-ci ilin əvvəlindən COVID-19 pandemiyası səbəbindən dayandırılıb. Xaricə qrup turist səfərlərinin bərpasına fevralın 6-dan başlanılıb. İlkin mərhələdə əsasən qonşu ölkələrə, o cümlədən Tailand, İndoneziya, Malayziya, Laos daxil olmaqla 20 dövlətə qrup turist səfərlərinə icazə verilib.

Qeyd edək ki, Çin pandemiyaya qədər dünyanın ən böyük turist bazarı hesab olunur. 2019-cu ildə təxminən 160 milyon Çin vətəndaşı xaricdə turist səfərində olub. Ümumiyyətlə, pandemiyadan əvvəlki bir neçə il ərzində xaricə turizm səfərlərinin sayına görə çinlilər dünyada birinci yeri tutub. Həmin dövrdə qlobal turizm gəlirinin təxminən 15 faizi çinli turistlər tərəfindən təmin edilirdi.

Pandemiya ortaya çıxmazdan əvvəlki son illərdə Çindən Azərbaycana turist səfərlərinin sayında da böyük artım müşahidə olunurdu. Çin vətəndaşları üçün 2016-cı ilin fevralından etibarən sadələşdirilmiş viza rejiminin tətbiqi, “ASAN Viza” sisteminin fəaliyyəti çinli turistlərin Azərbaycana səfərini asanlaşdıran amillərdir. Bundan başqa, ölkəmizə daha çox Çin turistlərinin cəlb olunması məqsədilə Çində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir. 2019-cu ilin martında isə Pekində “Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında” Anlaşma Memorandumu imzalanıb.

Bir məqamı da qeyd etmək lazımdır ki, Çinin 3 iri aviasiya şirkətindən biri olan “Çin Cənub Hava Yolları” (China Southern”) martın 13-dən etibarən Quancou-Urumçi-Bakı və əksinə istiqamətində sərnişin təyyarələrinin uçuşlarını bərpa edir.