Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian görüşüblər.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
İki ölkə arasında əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, regional proseslər, qonşu ölkələrdə sabitliyin yaranması üçün birgə səylərin göstərilməsi kimi məsələlərə toxunan nazirlər, Suriya probleminin həllinə dair fikir və mülahizələrini bölüşüblər.
İranda iki yüzə yaxın Türkiyə şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu bildirib ki, həmin şirkətlərin qarşılaşdığı problemləri də iranlı həmkarı ilə müzakirə edib.
Suriyanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında Türkiyənin maraqlı olduğunu, lakin bu ölkə ərazisində Türkiyənin dövlət sərhədi boyunca Aralıq dənizinə qədər terror dəhlizi yaratmağa dair səylərin davam etdiyini bildirən nazir Mövlud Çavuşoğlu qətiyyətlə bildirib ki, Türkiyə buna imkan verməyəcək.
Bəzi Avropa ölkələrində Türkiyəyə qarşı terror xarakterli aksiyaların keçirilməsini dəyərləndirən nazir Mövlud Çavuşoğlu deyib: “Həmin ölkələr ya terrorçuların döşədiyi minaların qurbanı olacaqlar, ya da hamımızın təhlükəsizliyini düşünərək imzaladığımız anlaşmanı (NATO-ya üzv olmaq üçün Türkiyə qarşısında götürülən öhdəlik) yerinə yetirib irəli gedəcəklər”.