logo

Polşa Ukraynaya 260-dan çox "T-72" tankı verib

16:16 17-01-2023 | icon 3472
Polşa Ukraynaya 260-dan çox "T-72" tankı verib

Varşava indiyə qədər Kiyevə müxtəlif modifikasiyalı 260-dan çox T-72 tankı verib.

YeniAvropa "Ukrinform" agentliyinə istinadla xəbər verir ki, Polşa prezidenti Andjey Duda bunu Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində “Avropanın müdafiəsində” mövzusunda diskussiya panelində bəyan edib.

Polşa prezidenti vurğulayıb ki, Kiyevə hərbi kömək göstərilməsi Ukraynanın şərqində yaranmış mürəkkəb vəziyyəti nizamlamaq üçün ən mühüm elementdir. O deyib: “Əgər biz Ukraynanın müdafiəçiləri üçün çoxlu miqdarda müasir silah göndərilməsini davam etdirsək, onda ukraynalıların Rusiyanı dayandırmaq üçün potensial imkanları olacaq”.

Andjey Duda xatırladıb ki, bir neçə gün bundan əvvəl Varşavadan Ukraynaya təqribən 14 vahid “Leopard-2” tankı göndərilməsi barədə qərar elan edilib. Prezident deyib: “Biz Ukrayna üçün daha böyük dəstək təşkil etməyə çalışırıq. Ümidvarıq ki, Ukraynaya Böyük Britaniyadan “Leopard-2” və “Challenger” tankları verəcək bir neçə müttəfiqimiz tapılacaq”.

Prezident ümidvar olduğunu bildirib ki, Almaniya tank istehsalçısı da Ukraynaya hərbi kömək göstərilməsi layihəsinin həyata keçirilməsində iştirak edəcək.

Polşa dövlətinin başçısı qeyd edib ki, Varşava Ukraynaya sanballı hərbi yardım göstərir. Onun sözlərinə görə, indiyə qədər Kiyevə 2 milyard dollarlıqdan çox hərbi yardım təqdim edilib. Bu, Polşa üçün böyük vəsaitdir. Müharibənin başlanğıc mərhələsində Polşa o vaxt ordusunun sərəncamında olan “Piorun” daşınan zenit-raket komplekslərinin hamısını Ukraynaya verib. Bundan əlavə, Varşava Ukraynaya xeyli sayda özü hərəkət edən “Krab” artilleriya qurğuları və müxtəlif modifikasiyalı 260-dan çox T-72 tankı verib. Prezident vurğulayıb ki, Ukraynaya tanklar verilməsi barədə qərar keçən il mart ayında dərhal qəbul edilib, çünki müharibənin əvvəlində Ukraynanın belə tanklara çox ehtiyacı vardı. Polşa üçün bu, son dərəcə mürəkkəb proses olub, çünki həmin tanklar anbarlarda deyil, Polşa ordusunun təchizatında idi.