“Azərbaycan Hava Yolları”(AZAL) aviaşirkəti Bakıdan Qazaxıstanın paytaxtı Astana şəhərinə reyslər açır.
YeniAvropa xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.
Qeyd edilib ki, martın 16-dan etibarən aviaşirkət Bakı-Astana-Bakı marşrutu üzrə reyslərin yerinə yetirilməsinə başlayacaq.
Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə olacaq. Bakıdan Astana şəhərinə uçuşlar bazar ertəsi və cümə axşamı, əks istiqamətdə isə çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.
Uçuşların tam cədvəli ilə aviaşirkətin www.azal.az rəsmi saytında tanış olmaq mümkündür. Aviabiletləri “Azərbaycan Hava Yolları”nın saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul ediləcək.
Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilər: https://www.azal.az/az/information/covid-kazakhstan.
Azərbaycana giriş qaydaları ilə burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan.
Xatırladaq ki, martın 17-dən etibarən AZAL Bakıdan Qazaxıstanın daha bir böyük şəhəri, Almatıya (həftədə iki dəfə) reyslər yerinə yetirməyə başlayır. Hazırda isə AZAL QSC-nin tərkibinə daxil olan "Buta Airways" aviaşirkəti Bakı-Aktau-Bakı marşrutu üzrə (həftədə üç dəfə) uçuşlar həyata keçirir.