Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevə verilmiş fəxri senator statusu parlamentin reqlamentindən çıxarılıb.
YeniAvropa xəbər verir ki, bunu Qazaxıstan Senatının(parlamentin yuxarı palatası) sədri Maulen Aşimbayev jurnalistlərə bildirib. Onun sözlərinə görə, ölkənin birinci prezidentinin statusu və səlahiyyətləri barədə maddə konstitusiyadan çıxarıldığı üçün fəxri senatoru statusu da qüvvəsini itirib.
"Sabah parlament palatalarının birgə iclasında "Qazaxıstan Respublikasının ilk prezidenti – Elbası haqqında" qanunun qüvvədən düşməsi məsələsinə baxılacaq",-deyə Maulen Aşimbayev bildirib.
Nursultan Nazarbayevə fəxri senator statusu Qazaxıstan parlamentinin yuxarı palatası(Senat) tərəfindən 2019-cu il mayın 30-da, respublikanın birinci prezidentinin qızı Dariqa Nazarbayeva Senatın sədri olduğu zaman verilib. Bu statusa əsasən, Nazarbayev parlamentin yuxarı palatasının iclaslarında iştirak edə bilərdi.