Güclü qar yağması səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşib.
YeniAvropa xəbər verir ki, bu barədə Qubadakı 5 saylı Yol İstismarı MMC-nin rəisi Gülağa Əliyev məlumat verib.
Bildirib ki, daha təhlükəli sayılan Quba–Xınalıq yoluna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları nəzarət edir. Səhər saatlarına olan məlumata görə yolun hərəkət hissəsinə 12-15 santimetr qar yağıb. Hazırda ağır texnika ilə təmin edilən növbətçi briqadalar yolun qardan təmizlənməsi üçün səfərbər edilib.
Qubanın rayon mərkəzində 8, Qrız kəndində 18, Xaltanda 12 santimetr hündürlüyündə qar qeydə alınıb.
Bütün şimal bölgəsində qar yağmaqda davam edir.